“8 Noyabr” Elektrik Stansiyası və Yaşıl Keçid Strategiyasında Rolu.
“8 Noyabr” Elektrik Stansiyası və Yaşıl Keçid Strategiyasında Rolu.
Son onilliklərdə bəşəriyyətin qarşısında duran ən ciddi qlobal problemlərdən biri iqlim dəyişikliyidir. Artan sənayeləşmə, urbanizasiya və təbii ehtiyatlardan qeyri-dayanıqlı istifadə atmosferə buraxılan istixana qazlarının həcmini əhəmiyyətli dərəcədə artırmış, nəticədə Yer kürəsində orta temperatur yüksəlmiş və ekosistemlərin sabitliyi pozulmuşdur.
Bu səbəbdən dünya ölkələri arasında iqlim siyasətində birgə hərəkət zərurəti olaraq 2015-ci ildə BMT-nin Paris İqlim Sazişi imzalanıb və qəbul olunmuşdur.
Həmçinin Azərbaycan Respublikası da bu beynəlxalq səylərə qoşularaq sazişi imzalamış və 2016-cı ildə ratifikasiya etmişdir. Bu sənədin qəbul olunması, Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə iştirakını və ətraf mühitin qorunması istiqamətində öhdəliklər götürdüyünü təsdiq edir.
Bu sənədə əsasən, ölkəmiz 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsinə nisbətdə 35% azaltmaq öhdəliyini götürmüşdür. Həmçinin 2030-cu ilə qədər enerji istehsalının 30%-nin bərpa olunan mənbələrdən təmin edilməsi hədəflənir. Bu məqsədlə külək, günəş və su elektrik stansiyalarının tikintisi genişləndirilir.
Qeyd edə bilərik ki, Azərbaycanın enerji sektorunda müstəqillik dövründə həyata keçirilən ən mühüm layihələrdən biri olan “8 Noyabr” Elektrik Stansiyası, ümumi 1880 meqavat gücü ilə regionun ən iri elektrik istehsal mənbələrindən biri sayılır. Bu stansiyanın əhəmiyyəti təkcə enerji təminatı ilə məhdudlaşmır — o, ölkənin yaşıl keçid və ekoloji siyasət hədəfləri ilə də birbaşa əlaqəlidir.
“8 Noyabr” Elektrik Stansiyasında müasir texnologiyalardan istifadə edilməsi — daha yüksək səmərəlilik, aşağı emissiya səviyyəsi və çevik istehsal imkanları ilə seçilir. Bu da onu ənənəvi termal stansiyalardan fərqləndirərək, ətraf mühitə minimum təsir prinsiplərinə yaxınlaşdırır. Yeni nəsil elektrik stansiyaları yaşıl keçid dövründə körpü rolunu oynayır: köhnə sistemlərdən təmiz enerjiyə keçidi asanlaşdırır.
Stansiya ölkənin elektrik enerjisinə olan tələbatının sabit və etibarlı şəkildə ödənilməsinə xidmət edir. Bu, həm də bərpa olunan enerji layihələrinin sistemə inteqrasiyasını asanlaşdırır. Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır. Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir.
Sonda onu qeyd edim ki, Bu mühüm layihə, Azərbaycanın enerji müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi inkişafının sürətlənməsinə və regionda enerji ixracatçısı kimi mövqeyinin daha da güclənməsinə töhfə verəcək. “8 Noyabr” Elektrik Stansiyası həm də Zəfər Gününə həsr olunaraq xalqımızın qürur simvoluna çevriləcək.
Vaqif Zeynalov
Bakı Ali Neft Məktəbi,
Texniki - istismar şöbəsinin rəisi
Oxşar -Yeniinfo.az
“8 Noyabr” Elektrik Stansiyası və Yaşıl Keçid Strategiyasında Rolu.
“Gəncəm, amma yorğunam”: Psixoloji yorğunluğun səbəbləri və çıxış yolları