Budapeştdə Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Budapeştdə Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü olub.
Viktor Orban həm Macarıstana işgüzar səfər etməsinə və səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərə, həm də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştiraka dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Baş nazir vurğulayıb ki, ölkəsinin Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq bu tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir.
İkitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirən Viktor Orban Macarıstan iqtisadiyyatının çətin vaxtlarında Azərbaycanın dost ölkə olaraq göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyib.
Dövlət başçısı iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının keçirilməsini vacib bir addım kimi qiymətləndirib. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlət başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğu, mütəmadi şəkildə məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin bir-birini dəstəklədiyi qeyd edilib. Azərbaycanın və Macarıstanın beynəlxalq səviyyədə öz ölkələrinin milli maraqları əsasında müstəqil siyasət aparan dövlətlər olduqları vurğulanıb. Cəbrayılın Soltanlı kəndinin, həmçinin məktəb tikintisi layihəsinə görə Macarıstana təşəkkür bildirilib.
Humanitar sahədə uğurlu əməkdaşlığa toxunulub, azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları və onlara təhsil təqaüdlərinin ayrıldığı qeyd edilib.
Söhbət zamanı enerji, investisiyalar, əczaçılıq, qida sənayesi və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Oxşar -Yeniinfo.az
Prezident İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Çin İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib
“Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışı olub
ANAMA işçi axtarır
Cəlilabadda şəhid bulağının açılışı olub
Ərdoğan Azərbaycanla bağlı paylaşım edib.
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi olub.
Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə təhlükəsizlik məsələsini müzakirə ediblər.