“Gəncəm, amma yorğunam”: Psixoloji yorğunluğun səbəbləri və çıxış yolları
“Gəncəm, amma yorğunam”: Psixoloji yorğunluğun səbəbləri və çıxış yolları
Mustafayeva Vüsalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsiyəm və psixologiya ixtisası üzrə təhsil alıram.
Gənclərin ruh sağlamlığına böyük marağım var. Bu mövzuda yazaraq, sizinlə faydalı fikirlər paylaşmaq istədim. Ümid edirəm, məqaləm sizə dəstək olar.
Bugünkü gənclərin bir çoxu daim yorğunluq, halsızlıq və zehni tükənmə hissindən şikayət edir. Gözlə baxanda heç bir ciddi səbəb görünməsə də, daxildə çox şey baş verir. Bəzən heç fiziki iş görmürük, amma beynimiz dayanmadan işləyir. Bu da bizi psixoloji cəhətdən yorur. Bu məqalədə müasir gənclərdə psixoloji yorğunluğun nə olduğunu və onu yaradan səbəbləri daha yaxından araşdıracağıq.
Psixoloji yorğunluq nədir?
Bəzən insan özünü elə hiss edir ki, sanki heç nə etmək istəmir. Hətta yatmaq da yorur, bir işə başlamaq da. Bu vəziyyətin adı psixoloji yorğunluqdur. Bu, yalnız fiziki yorğunluq deyil – insanın daxilən tükənməsi, emosional olaraq çökməsi, beynin yorulması halıdır. Əsas əlamətləri bunlardır:
Heç nə etmək istəməmək
Daimi halsızlıq və diqqət pozğunluğu
Səbəbsiz əsəbilik və ya ağlamaq istəyi
“Özümə gəlmirəm” hissi
Motivasiyanın itməsi
Bu yorğunluq uzun müddət davam edərsə, insanda apatiya, anksiyete və hətta depressiya kimi hallar baş verə bilər. Amma yaxşı xəbər odur ki, bunun qarşısını almaq olar – sadəcə, səbəbləri anlamaq və vaxtında addım atmaq lazımdır.
Gənclərdə psixoloji yorğunluğun əsas səbəbləri
Psixoloji yorğunluğun səbəbləri çoxdur, amma gənclər üçün bəzi faktorlar xüsusilə önə çıxır:
İmtahan və dərs təzyiqi
Hər gün oxumaq, testlər, imtahanlar, yaxşı qiymət almaq istəyi... Bu davamlı yarış insanı tükəndirir. Gənclər bəzən bu təzyiqin altında özünü bir robot kimi hiss edir.
Sosial mediada müqayisə
Instagram, TikTok, Snapchat… Orda hər kəs xoşbəxt, uğurlu və gözəl görünür. Amma bu, çox vaxt real deyil. Gənc özünü daim başqaları ilə müqayisə etdikcə, “məndə niyə belə deyil?” deyib, içində narahatlıq yaşayır.
Mükəmməl olmağa çalışmaq
Bəzən elə bilirik ki, hər şey ideal olmalıdır – dərslər, görünüş, münasibətlər. Amma bu mükəmməllik istəyi insanı yorur. Nəticədə, heç nə yetərli gəlmir, insan özündən bezir.
Valideyn və cəmiyyətin gözləntiləri
“Oxu, uğurlu ol, yaxşı peşə seç” kimi təzyiqlər, bəzən yaxşı niyyətlə deyilən sözlər belə gəncin içində stres yaradır. İnsan bəzən öz istədiyini yox, başqasının istədiyini etməyə çalışır.
Gələcəklə bağlı qeyri-müəyyənlik
Bir çox gənc “görəsən sabah neyləyəcəm?”, “peşə seçimini düz etmişəm?” kimi suallarla yaşayır. Bu da zehni yorğunluğu daha da artırır.
Nə etmək olar? (Çıxış yolları)
Psixoloji yorğunluqdan tam qurtulmaq bir günə olmur, amma kiçik addımlarla özümüzü yavaş-yavaş yaxşı hiss edə bilərik. Aşağıdakılar çox kömək edə bilər:
Özünü dinləməyi öyrən
Bəzən sadəcə sakitcə oturub "mən nə istəyirəm?", "indi nə hiss edirəm?" sualını vermək belə insana rahatlıq gətirir. Daxili səsimizi dinləmək, ehtiyaclarımızı anlamağa kömək edir.
Dincəlməyə haqqın olduğunu unutma
Yorulanda dincəlmək zəiflik deyil. İnsan maşın deyil ki, daim işləsin. Kiçik fasilələr, sevdiyin bir musiqini dinləmək, bir fincan çay içib rahatlanmaq belə çox şey dəyişə bilər.
Sosial mediaya ara ver
Telefonu bir az kənara qoyub real həyata qayıtmaq ruhunu yüngülləşdirir. Gündə bir neçə saat sosial mediadan uzaq qalmaq sənin nə qədər sakitləşdiyini göstərəcək.
Düşüncələrini bölüş
Hər şeyi içində saxlamaq yorur. Güvəndiyin bir dostla danışmaq, yazmaq, ya da sadəcə dinlənmək belə içini boşaltmağa kömək edir. Bəzən danışmaq ən böyük dəstəkdir.
Peşəkar dəstək almaqdan çəkinmə
Əgər yorğunluq uzun müddət keçmirsə və hər şey ağır gəlirsə, psixoloqa getməkdən qorxma. Bu zəiflik yox, gücdür – çünki sən özünü yaxşılaşdırmaq istəyirsən.
Psixoloji yorğunluq – hər birimizin yaşadığı, amma çox zaman adını qoymadığımız bir haldır. Xüsusilə gənclik dövrü – dəyişikliklərlə, qərarlarla və gözləntilərlə doludur. Yorulmaq da, tükənmək də normaldır. Amma vacib olan budur: özünü tanı, özünə dəyər ver və nə hiss etdiyini gizlətmə.
Unutma ki, sən tək deyilsən və hiss etdiklərin keçicidir. Özünü dinlədikcə, dəstək axtardıqca və kiçik addımlar atdıqca, yorğunluğun yerini daxili rahatlıq və güc alacaq.
Oxşar -Yeniinfo.az
“8 Noyabr” Elektrik Stansiyası və Yaşıl Keçid Strategiyasında Rolu.
“Gəncəm, amma yorğunam”: Psixoloji yorğunluğun səbəbləri və çıxış yolları