Telefon
WhatsApp
“Teatrın Sehrli Qapısı: Mənim və Sənin Daxili Səyahətimiz”
300 X 250 Reklam Alanı

Mən teatrla əlaqəsi olmayan bir insan kimi təsadüfən o qapıdan içəri girdim və elə həmin gün sevməyə başladım.
Gəlin məqaləmə başlamazdan öncə tanış olaq.
Bəli, mən ­– ADMİU tələbəsi, teatrşünaslıq ixtisasında oxuyan tələbə teatrşünass - Zeynalova Lamiyə...

Bu sahə ilə tanış olmamışdan öncə teatrı sadəcə vaxt keçirmək, əyləncə kimi görürdüm. Lakin səhnənin sehrinə yaxından bələd olduqca zövq almağa başladım və teatr həyatımın ayrılmaz hissəsinə çevrildi. İndi isə istəyirəm sizi də bu dünyaya dəvət edim, çünki teatr bir “güzgü effekti” yaradır: yaşımız, həyat tərzimiz necə olur-olsun, diqqətlə baxsaq, həm ləzzət alacağımız, həm də dərs çıxaracağımız möhtəşəm bir məkandır. Gəlin qəbul edək bəli , tamaşa hər zaman uğurlu və mükəmməl olmaya bilər. Bəzən səhnədə gördüyümüz obrazlar, hadisələr istədiyimiz qədər təsirli , ya da bizi tam qane etməyə bilər. Amma teatr da elə həyat kimidir — hər zaman ideal olmur, bəzən səhvlər, çatışmazlıqlar və anlaşılmazlıqlar olur. Vacib olan, baxış bucağımızdır. Əgər biz tamaşaya yalnız mükəmməl olanı görmək üçün yox, oradakı insanları, duyğuları və təcrübələri anlamaq üçün yanaşsaq, hətta uğursuz sayılan bir tamaşadan belə dəyərli dərslər, yeni fikirlər götürə bilərik. Teatr bizə insanlığın müxtəlif üzlərini göstərir, bəzən gözəl, bəzən ağrılı, amma həmişə gerçək və düşündürücü... Odur ki, tamaşanın uğurlu olub-olmaması baxışımızdan və ondan nə götürdüyümüzdən asılıdır. Həyat sürətlə axır, hadisələr bir-birini əvəz edir, gündəlik qayğılar, gələcəklə bağlı suallar və sosial basqılar arasında özünü bir növ “boğulmuş” kimi hiss edirsən. Elə məqam olur ki, danışmaq istəmirsən, dinləməyə taqətin yoxdur, amma səssizcə içində bir nida çırpınır – “məni anla!”. Məhz o zaman teatr həyatımıza sakit, amma güclü bir yolla daxil olur. Teatr təkcə sənət deyil – bu, həm də güzgüdür. Özünü orda tapırsan. Bir obrazın ağrısında, bir personajın üsyanında, bir səhnənin sükutunda... İnsan özünün adını çəkmədiyi hisslərini, dilləndirə bilmədiyi qorxularını aktyorun səsində, rejissorun fikrində, yazıçının sözündə hiss edir. Teatr səhnəsində gördüyün həyat bəzən səninkindən də çətindir, amma nədənsə oradan qalxan hər acı – təsəlli kimi toxunur. Gənc olmaq demək – hər şeyə çatmaq istəyi ilə heç nəyə tam çatmamaq deməkdir bəzən. Teatr isə sənə “yetərsən” deyir. Səni tam etməyə çalışmır, səni olduğun kimi qəbul edir. Sən ağlayanda gülən bir obraz çıxarır qarşına, sən güləndə içindəki göz yaşını xatırladan bir səhnə ilə rastlaşırsan . Bu balans insanı silkələyir və sonra sığallayır. Teatr bu baxımdan həm də tərbiyədir – təkcə intellektual yox, emosional tərbiyə. Səhnədə bir insanın faciəsinə baxarkən empatiya öyrənirsən. Öz ailəndə, dostluqlarında, münasibətlərində də bu empatiya köməyə gəlir. Teatr bir növ sənə ruh dili öyrədir – nə zaman susmağı, nə zaman danışmağı, nə zaman sadəcə dinləməyi... Mən teatrda nəfəs alan insanlar tanıdım – səhnəyə çıxanda özünü tapan aktyorlar, bir sözlə tamaşaçını düşündürən dramaturqlar, işığın küncündə əməyi görünməyən texniki işçilər... Onların hər birinin işi sənət deyil, xidmət idi – insan ruhuna. Hər dəfə teatr salonuna daxil olanda hiss edirəm – burada zaman dayanır, amma insan içində bir addım irəliləyir. Gözəl bir monoloqdan sonra səssizlik düşəndə, o sükutun içində bir dəyişiklik olur: artıq eyni adam deyilsən. Bəlkə bir problemin cavabını tapmısan, bəlkə kimisə daha yaxşı anlamısan, bəlkə sadəcə rahatlamısan. Amma dəyişmisən. Teatr bizə "səni başa düşürəm" demədən anlayan bir dostdur. Hər dəfə səhnə pərdəsi açılanda həyatımıza bir az da işıq düşür. Və bəzən bu işıq bir terapevtin otağından, bir kitabın səhifəsindən deyil, məhz səhnədən gəlir. Əslində teatr mənə özümü uzaqdan seyr etmək imkanı verdi. Pərdə qalxanda səhnəyə çıxan hər obraz, hər jest, hər səssizlik gündəlik həyatımda keçirdiyim hisslərin səssiz tərcüməsinə çevrildi. Səhnədə gördüyüm bir faciə məni ağlatdısa, anladım ki, öz kədərimlə üz-üzəyəm; güldürücü bir vəziyyət məni ürəkdən güldürdüsə, bildim ki, öz səhvlərimi, ehtiyaclarımı başqasında görüb qəbul etmişəm. Müəllimim Aydın Talıbzadə deyir ki, “komediya enerji qıtlığından yaranır” – mən isə o “qıtlığın” aradan qalxdığını hər tamaşada hiss edirəm, çünki səhnənin verdiyi duyğu bizi içdən-içə enerji ilə doldurur. Teatr sadəcə aktyor oyunu və mətn deyil; o həm də psixologiya, fəlsəfə, bəlkə də ən səssiz terapiyadır. Gənc bir adam “niyə yorğunam?”, “niyə motivasiyam yoxdur?” deyə düşünürsə, bir tamaşaya baxmaqla bu suallarına cavab tapmağa başlayır. Çünki teatr paylaşmaqdır – başqasının hekayəsində öz hekayəmizi görməkdir. Səhnədəki hadisələr bizə “səni anlayıram” demir, amma biz o anı yaşayarkən anlayışın özü oluruq. Bu səbəbdən inanıram ki, hər gəncin həyatında azı bir dəfə teatrla bağ qurmağa ehtiyacı var. O bağ insanı sakitləşdirməzdən əvvəl qucaqlayır, tələsik addımlarını yavaşıdır, iç dünyasını dinlədir. Səhnə işığı yananda zaman sanki dayanır, lakin insan öz içində bir addım irəli gedir. Monoloq bitib zaldakı səssizlik havada asılarkən artıq əvvəlki adam deyilsən; bəlkə bir problemin cavabını tapmısan, bəlkə kimisə daha yaxşı anlamısan, bəlkə sadəcə nəfəs almısan. Əgər bu gün sən də yorğun, qarışıq, axtarışda olan birisənsə, teatr qapısı açıqdır. Gəl, içəri gir. Hər şey bir baxışla, bir səhnə ilə başlaya bilər – necə ki, mənim üçün başladı. Teatr təkcə sənət deyil, ruhun səssiz çağırışıdır; cavab verdikcə daha az tək, daha az yorğun, daha çox “hiss edən” olursan.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150