İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib
İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib
Prezident İlham Əliyev 2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.
President.az-a istinadən həmin təbrikin tam mətnini təqdim edir:
"Əziz gənclər!
Sizi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir.
Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir.
Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.
Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcək".







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı